Mədəniyyət və turizm
naziri Gəncədə vətəndaşları
qəbul etmişdir
İyunun 21-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Gəncədəki Azərbaycan Dövlət Aqrar Universitetində bu şəhərdən, eyni zamanda, Şəmkir, Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Kəlbəcər, Daşkəsən, Göygöl, Samux, Yevlax və Ucar rayonlarından olan vətəndaşları qəbul edərək onların müraciətlərini dinləmişdir.
AzərTAc xəbər verir ki, vətəndaşlar əsasən fəxri adların verilməsi, tarixi abidələrin bərpası, uşaq musiqi məktəblərinin nəzdində rəqs şöbəsinin yaradılması, yeni turizm marşrutlarının yaradılması, Samux rayonunda tarix-diyarşünaslıq muzeyinin, Göygöl rayonunda rəsm qalereyasının açılması, Gədəbəy rayonunda tarix-diyarşünaslıq muzeyi üçün yeni binanın tikilməsi, Qazax teatrında səs və işıq sistemlərinin yenidən qurulması, Göygöl rayonunda turizm-informasiya mərkəzinin yaradılması, Şəmkir rayonunda turizm kollecinin açılması, Gəncə şəhərindəki Məhsəti qəsəbəsində kitabxana və mədəniyyət evinin yaradılması, eləcə də uşaq musiqi məktəblərinin musiqi alətləri təminatı, Şəmkir qalasına dövlət statusunun verilməsi, Kəlbəcər rayon muzeyinin yeni bina ilə təmin edilməsi, Ağstafa Mədəniyyət evinin bazasında uşaq teatrının yaradılması, Daşkəsəndə abidələrin qeydiyyata alınması və s. məsələlərlə bağlı müraciət etmişlər.
Qəbulda vətəndaşların bir sıra müraciətləri yerindəcə həll edilmiş, bir sıra məsələlərin həlli ilə bağlı araşdırmalar aparılması üçün tapşırıqlar verilmişdir.
Qəbula
gələn vətəndaşlar yaradılmış şəraitdən
razı qaldıqlarını bildirmişlər.
Azərbaycan.-2013.- 22 iyun.- S.7.